Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası


Şöbə müdiri: fəlsəfə elmləri doktoru, professor Sakit Yəhya oğlu Hüseynov

BMT-nin təşəbbüsü və dəstəyi ilə meydana çıxan Davamlı inkişaf konsepsiyası dünya ölkələrinin inkişaf istiqamətlərini müəyyənləşdirən fəlsəfi-sosioloji konsepsiyadır. Başqa inkişaf nəzəriyyələrindən fərqli olaraq Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası cəmiyyət həyatının bütün sahələrinin – insan kapitalı, həyat səviyyəsi, yoxsulluğun azaldılması, təhsil, sağlamlıq, idarəetmədə iştirak, demoqrafiya, miqrasiya, ailə-məişət, gender, iqlim dəyişikliklərinin öyrənilməsi, ekoloji problemlərin, mədəniyyətin və s. fəlsəfi və sosioloji cəhətdən araşdırılmasını əhatə edir.
Bunu nəzərə alaraq AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurası 2017-ci ilin 27 noyabr tarixli iclasında “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” adlı yeni elmi-tədqiqat şöbəsinin yaradılmasını qərara almışdır. Həmin vaxtdan bu şöbə Respublikamız üçün mühüm aktuallıq kəsb edən Davamlı inkişaf problemlərinin fəlsəfi və sosioloji istiqamətlərinin araşdırılması ilə məşğuldur.
Şöbə əməkdaşları Respublikamızda davamlı inkişafın müxtəlif istiqamətlərini əhatə edən aktual mövzular üzrə bir çox tədqiqatlar aparmış, xarici ölkələrdə Davamlı inkişafın fəlsəfə və sosialogiyasını əhatə edən mövzular üzrə məqalələr çap etdirmiş, respublika və beynəlxalq səviyyəli elmi konfranslarda çıxış edərək ölkəmiz tərəfindən aparılan Davamlı inkişafın istiqamətlərini təbliğ etmişdir. Şöbənin qarşısında duran əsas məsələlərdən biri də “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə Elmin davamlı inkişafı üzrə Milli strategiya” layihəsinin hazırlanmasında iştirak etməkdir. Şöbənin 14 əməkdaşı var. Onlar 1 professor, 2 baş elmi işçi, 3 aparıcı elmi işçi, 3 elmi işçi, 3 kiçik elmi işçi, 2 böyük laborantdır. Şöbə əməkdaşlarının biri elmlər doktoru, 5-si isə fəlsəfə doktorudur.